SİYASƏT
Kərim Bəhriyev: Azərbaycan daha neçə il gözləməlidir ki, Ermənistan işğal altındakı torpaqları azad etsin
Daşkənd, 4 avqust, AZƏRTAC
İyulun 12-də Ermənistan silahlı qüvvələri bölmələrinin atəşkəs rejimini pozaraq artilleriyadan və iri çaplı silahlardan istifadə edərək Azərbaycan ilə dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərini ələ keçirmək cəhdi məni də hiddətləndirib. Erməni silahlı qüvvələrinin hücumunun qarşısı qətiyyətlə alınıb. Döyüşlərdə Azərbaycan Ordusunun hərbçiləri şəhid olub, yaralananlar var. O gündən etibarən erməni tərəfi Azərbaycan Ordusunun mövqelərini müntəzəm olaraq atəşə tutur.
Bu sözlər Özbəkistan Jurnalistlər Birliyinin İctimai Şurasının sədri, şair və tərcüməçi Karim Bəhriyevin Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə ünvanladığı müraciətində yer alıb.
Müraciətdə bildirilir ki, Ermənistan zaman-zaman Azərbaycana qarşı sərhədin müxtəlif istiqamətlərində, o cümlədən Dağlıq Qarabağda təxribatlar törədir.
Azərbaycan Prezidenti İlham Əliyev son hadisələrlə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirib, bu təxribata görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
Qeyd olunur ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində ekoloji terror da həyata keçirir, bu torpaqlarda yanğınlar törədir. Bu isə regionun ekologiyasını məhv edir.
Ermənilərin işğal etdiyi Azərbaycan ərazilərində şəhər və kəndlərin, tarixi abidələrin dağıdıldığının, meşələrin yandırılmasının və təbiətə qarşı barbar hücumların da şahidi olmuşuq. Bütün bunları gördükdə, əlbəttə, olduqca məyus olur və hiddətlənirik.
Müraciətdə, həmçinin vurğulanır ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Bu nüfuzlu beynəlxalq təşkilatın sənədlərinin tələbləri Ermənistan tərəfdən hələ də yerinə yetirilmir. Bu sənədləri qəbul edən təşkilat və beynəlxalq birlik isə susur.
Azərbaycan artıq 30 ildir Ermənistanın işğal etdiyi ərazilərin sülh yolu ilə azad olunmasına çalışır. Ermənistan isə münaqişənin sülh yolu ilə həllindən yayınır, müxtəlif bəhanələrlə status-kvonu saxlamağa çalışır. Bu, mümkünsüzdür. Azərbaycan daha neçə il gözləməlidir ki, Ermənistan işğal altındakı torpaqları azad etsin”, - deyə müraciətdə vurğulanır.