DÜNYA
Kəşfiyyat: Rusiyalılar Kaxovka SES-i məsafədən partladıb

Kiyev, 6 iyun, AZƏRTAC
Rusiya ordusu Kaxovka Su Elektrik Stansiyasını (SES) məsafədən partlatmaq üçün bəndə partlayıcı maddələr və texnika yerləşdirib.
AZƏRTAC bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusovun teleefirdəki bəyanatına istinadla xəbər verir.
“Məsafədən nəzarət olunan partlayış həyata keçirmək üçün partlayıcı maddələrin, müvafiq texnikanın daşınması faktları mövcuddur, belə faktlar və sübutlar var”, - deyə o bildirib. Yusovun sözlərinə görə, partlayıcı maddələrin gücünün dəyərləndirməsi barədə dəqiq məlumat az sonra veriləcək.
Qeyd edək ki, bu gecə Rusiya qoşunları Kaxovka SES-ində bəndi partladıblar. “Ukrhidroenerqo”dan bildiriblər ki, stansiya tamamilə dağıdılıb və bərpası mümkün deyil.
Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak qeyd edib ki, bəndin RF ordusunun 205-ci motoatıcı hissəsi tərəfindən partladılması ehtimal olunur.
Kaxovka SES-in partladılması 80 yaşayış məntəqəsini su altında qalmaq təhlükəsi ilə üz-üzə qoyub. Hakimiyyət orqanları insanların ərazidən təxliyəsini həyata keçirir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev