REGİONLAR
Kibertəhlükəsizliklə bağlı elmi-praktik seminar keçirilib
Bakı, 30 noyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyi günləri” çərçivəsində “Kibertəhlükəsizlik: əsas çağırışlar və müasir texnologiyalar” mövzusunda tələbə elmi-praktik seminarı keçirilib.
MDU-dan AZƏRTAC-a bildiriblər ki, onlayn formatda təşkil olunan seminarda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.
Seminarın açılışında Qazi Universitetinin Texnoloji fakültəsinin Kompüter mühəndisliyi bölümü rəhbəri professor Ayhan Erdem və MDU-nun Mühəndislik fakültəsinin dekan əvəzi dosent Almaz Əliyeva çıxış edib, internet texnologiyalarının geniş yayıldığı və virtual ortamın sürətlə inkişaf etdiyi müasir şəraitdə kibertəhlükəsizliyin önəmini vurğulayıblar. Həmçinin bu sahədə tədqiqatların, yüksəkixtisaslı kadr hazırlığının aktual vəzifələrindən bəhs olunub.
Sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib, müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, dünyada hər il noyabrın 30-u Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü kimi qeyd olunur. Bu münasibətlə, MDU-da “İnformasiya təhlükəsizliyi günləri” çərçivəsində müxtəlif tədbirlər keçirilir.