İDMAN
“Kiçikkalibrli tüfəng kralı”: Güman etmirəm ki, “Bakı – 2015”in göstərdiyi səviyyəyə çatmaq mümkün olsun

Bakı, 18 iyun, Əziz Məmmədov, AZƏRTAC
Azərbaycanın paytaxtında möhtəşəm hadisə - birinci Avropa Oyunları keçirilir. Avropa Oyunlarına hazırlığın səviyyəsi bütün gözləntiləri geridə qoydu. Hər şey çox yüksək səviyyədə təşkil edilib. Güman etmirəm ki, “Bakı – 2015”-in göstərdiyi səviyyəyə çatmaq mümkün olsun.
Bunu birinci Avropa Oyunlarının güllə atıcılığı (uzanan vəziyyətdə 50 metr məsafəyə tüfəng atəşaçma ) üzrə bürünc mükafatçısı, “kiçikkalibrli tüfəngin kralı”, Olimpiya çempionu, Belarus atleti Sergey Martınov AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
O deyib: “Məlum məsələdir ki, idman hər hansı ölkənin dövlət siyasətində çox mühüm yer tutur. Azərbaycan idman sahəsində böyük uğurlar qazanıb, Bakıda möhtəşəm Olimpiya idmanı qurğuları yaradılıb. Əlbəttə, infrastruktur olmasaydı, uğurlar da olmazdı. Dünyanın idman ictimaiyyəti Bakıda keçirilən birinci Avropa Oyunlarını hələ uzun müddət xatırlayacaq”.