REGİONLAR
“Kids Fashion Ganja – 2019” layihəsinə yekun vurulub
Bakı, 16 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
“Kids Fashion Ganja – 2019” layihəsinin yekun tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasında keçirilən tədbirdə 65 model 15 modelyer-dizaynerin geyim kolleksiyasını və tanınmış dünya brendlərinin yeni payız-qış kolleksiyasını nümayiş etdirib.
Bu dəfə podiuma uşaqlar çıxıblar. Belə ki, yarış üçün seçimlərə qoşulan 1200 model arasından 65 nəfər seçilib. Modellər 4-6, 7-9 və 10-14 yaş arasında olmaqla, 3 kateqoriya üzrə mübarizə aparıblar.
Yarışın təşkilatçısı Aygün Əliyeva bildirib ki, əsas məqsəd istedadlı uşaqları tanıtmaqla bərabər, gənc modelyer-dizaynerlərin əl işlərini təqdim etməkdir. Yarışa hazırlıq prosesi 3 ay çəkib. Bu müddət ərzində uşaqlara model dərsləri verilib, onların geyimləri hazırlanıb.
İştirak edənlərin 40 nəfərini qız, 25-ni isə oğlanlar təşkil edib. Tədbirdə Azərbaycanın məşhur simaları, modelyer-dizaynerlər, Xalq artistləri və Əməkdar artistlər, Əməkdar-incəsənət xadimi modelyer-dizayner Fəxriyyə Xələfova da iştirak edib.
Münsiflər heyətinin sədri, modelyer-stilist Fəxriyyə Xələfova qeyd edib ki, Gəncə ictimaiyyəti bu tədbirə böyük maraqla yanaşıb. Podiumda şou göstərən balacalar arasında qalibləri seçmək üçün 10 ballıq sistemlə səsvermə keçirilib. Hər yaş kateqoriyasından 3 model birinciliyə layiq görülüb.
Podiumda bir-birindən fərqli uşaq geyim kolleksiyaları təqdim olunub.