ELM VƏ TƏHSİL
Kimyaçı alimlərin beynəlxalq tədqiqatlarının nəticələri nüfuzlu xarici jurnalda dərc olunub
Bakı, 16 may, AZƏRTAC
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev və Bakı Dövlət Universitetinin alimləri – akademik Abel Məhərrəmov, professor Məlahət Qurbanova, kimya üzrə fəlsəfə doktoru Elnur Hüseynov, doktorant Aytən Səfərovanın beynəlxalq müştərək tədqiqatlar çərçivəsində Türkiyənin Atatürk və Bartin universitetlərindən olan həmkarları ilə birlikdə növbəti məqaləsi impakt faktorlu “Üzvi rabitə” (Organic Communications) jurnalında dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatlar ferment inhibitorları üzərində bioloji fəallığın öyrənilməsinə həsr edilib. Araşdırmalar zamanı məlum olub ki, tədqiqata cəlb edilən yeni birləşmələr epilepsiya, Altsheymer, nevroloji, şəkərli diabet, mədə və onikibarmaq bağırsaq xoraları, qlaukoma kimi qlobal xəstəliklərin müalicəsi üçün potensial dərman maddələri ola bilər.
Xatırladaq ki, “Organic Communications” jurnalı “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarında indeksləşib.