MƏDƏNİYYƏT
“Kitab bayramı-2015” paytaxtımızın sakinlərinə sevinc bəxş edib VİDEO
Bakı, 6 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 6-da Filarmoniya bağında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə “Kitab bayramı-2015” adlı tədbir keçirilib. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilib.
AZƏRTAC xəbər verir ki, BŞMTİ-nin rəhbəri Əlikram Əliyev artıq ənənəyə çevrilmiş bu bayramın hər il paytaxtımızın kitabsevərlərinin böyük marağına səbəb olduğunu, onlar tərəfindən sevinclə qarşılandığını bildirib.
Vurğulanıb ki, belə layihələrin həyata keçirilməsində məqsəd müasir texnologiyaların və informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağının artırılmasına, maarifləndirilməsinə və kitabların təbliğinə nail olmaqdır.
“Kitab bayramı-2015” çərçivəsində Filarmoniya bağında 22 tanınmış nəşriyyatın kitabları sərgilənib. “Qələm”, “İpək yolu”, “Hədəf”, “Akademiya” kitab mağazası, “Alo” kitab evi, “Kitabevim.az” satış mərkəzi və digərləri Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərini nümayiş etdiriblər.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Moskvada nəfis tərtibatla nəşr edilmiş 126 müəllifin 309 adda rus dilində kitabı paytaxtımızın kitabxanalarına hədiyyə edilib. Onların sırasında oxucuların dərin hörmət bəslədiyi Mir Cəlal Paşayev, İlyas Əfəndiyev, Anar, Çingiz Abdullayev, Fyodor Dostoyevski, Stefan Sveyq, Etel Lilian Voyniç, Stiven Kinq, Paulo Koelyo, Şarlotta Bronte və bir çox digər dünya şöhrətli müəlliflərin kitablarının adlarını qeyd etmək olar.
“Kitab bayramı-2015” çərçivəsində “Canlı klassika-2015” gənc qiraətçilərin beynəlxalq bədii qiraət müsabiqəsində iştirak etmək üçün milli seçim mərhələsinin qaliblərinin mükafatlandırma mərasimi də keçirilib. Səbail Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin oxucusu Svetlana Mustafayeva, Nizami rayonundan Fərhad Rüstəmov, Binəqədidən Nicat Əhmədov qalib seçiliblər. Müsabiqənin beynəlxalq onlayn final mərhələsi mayın 15-dək həyata keçiriləcək və qaliblər iyun ayında Moskvada keçiriləcək “Canlı klassika-2015” yarışmasında ölkəmizi təmsil edəcəklər.