MƏDƏNİYYƏT
Kitabxana Seyfəddin Dağlının 100 illiyi münasibətilə silsilə materiallar hazırlayıb
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycan ədəbiyyatını öz əsərləri ilə zənginləşdirən və ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərmiş yazıçılardan biri də nasir və dramaturq Seyfəddin Dağlı olub. O, həm gözəl bir insan, həm də bir yazıçı kimi yaddaşlarda xoş xatirələrlə yaşayır. Seyfəddin Dağlı 27 avqust 1921-ci ildə Xızıda dünyaya göz açıb. Bu gün görkəmli yazıçı-satirik, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Dağlının anadan olmasından 100 il ötür.
Azərbaycan mədəniyyət, incəsənət tarixinin əlamətdar günlərinə məsuliyyət ilə yanaşan Respublika Gənclər Kitabxanası görkəmli dramaturqun 100 illik yubileyi münasibətilə onun həyat və yaradıcılıq yoluna həsr edilmiş silsilə materiallar hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Seyfəddin Dağlı 100” adlı virtual sərgi və videoçarxda dramaturqun həyat və yaradıcılığı haqqında geniş məlumat verilir. Burada Seyfəddin Dağlının müəllifi olduğu əsərlərin, onun yaradıcılıq nümunələri əsasında lentə alınan filmlərin siyahısı və həmçinin də, “Onun bəlalı sevgisi”, “Qaynana”, “Adı sənin, dadı mənim”, “Solmaz bir bahar kimi” və s. ekran əsərlərinin məzmunu təqdim edilir. Hazırlanan materiallarda yazıçının layiq görüldüyü mükafatlar, müəllifi olduğu 10-dan çox kitab sərgilənib. Burada həmçinin, Seyfəddin Dağlının şəxsi fotoşəkilləri, müxtəlif illərdə çəkilən görüntüləri də yer alıb. Bundan əlavə, virtual sərgidə izləyicilər üçün maraqlı ola biləcək digər məlumatlar da təqdim edilib.
Həmçinin, kitabxanada “Seyfəddin Dağlı 100” başlıqlı sərgi də təşkil olunub. Sərgidə yazıçının kitabları, redaktoru olduğu kitablar və qəzet, jurnal materialları sərgilənib.
Seyfəddin Dağlının 100 illik yubileyi münasibətilə hazırlanan sərgi və digər materiallar kitabxananın instaqram səhifəsində və yutub kanalında yerləşdirilib.