MƏDƏNİYYƏT
Kitabxanada Xalq şairi Rəsul Rzanın 110 illik yubileyi münasibətilə videoçarxlar hazırlanıb
Bakı, 19 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Xalq şairi Rəsul Rzanın 110 illik yubileyi münasibətilə videoçarxlar hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxlarda şairin yaradıcılığı və yazdığı kitablar nümayiş olunur.
XX əsrdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Rəsul Rza Göyçayda kənd mirzəsi İbrahimin ailəsində anadan olub. Ailəsində ədəbiyyata olan böyük maraq onun da uşaq yaşlarından mütaliəyə böyük həvəs göstərməsinə səbəb olub. 1927-ci ildə Tiflisdə dərc olunan "Qığılcım" almanaxında "Bu gün" adlı ilk şeri çap olunub.
Böyük Vətən müharibəsi illərində hərbi müxbir işləyən Rəsul Rzanın xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən "Vətən", "İntiqam! İntiqam…" adlı şer kitabları, "Ölməz qəhrəmanlar", "Qəzəb və məhəbbət", hekayə və oçerk topluları, "Vəfa" pyesi işıq üzü görüb. "Şerlər" (1959), "Pəncərəmə düşən işıq" (1962), "Duyğular, düşüncələr" (1964), "Dözüm" (1965), "Dünən, bu gün, sabah" (1973), "Güneylər, quzeylər" (1977), "Üzü küləyə" (1979). Şairin "Rənglər" silsiləsi də məşhurdur.
Rəsul Rzanın lirik-epik səpkidə yazılmış "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biri sayılır. Poemanın mövzusu Müşfiqin həyatı və taleyindən götürülüb.
1981-ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat edib, Fəxri xiyabanda dəfn olunub.