MƏDƏNİYYƏT
Kitabxanada növbəti görüş
Bakı, 3 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Xurşidbanu Natəvan adına 4 nömrəli kitabxana filialında Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmli ilə görüş keçirilib. Görüş kitabxana filialının “Şuşa İli” və “Xurşidbanu Natəvan-190” çərçivəsində həyata keçirdiyi “Yaradıcı xanım yazarlar” silsiləsinin davamı olaraq reallaşıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş müqəddəs şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxana filialın müdiri Aynur Babayeva qonağı xan qızı Natəvanın davamçılarından olan zərif qələm sahibi kimi təqdim edib.
Tədbirin aparıcısı, kitabxana filialın nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının rəhbəri Zərəngiz Mansurova jurnalist, şair, alim, yazıçı-publisist Zemfira Məhərrəmlinin ədəbi mövqeyindən söhbət açıb.
Tədbirdə çıxış edən digər natiqlər qeyd ediblər ki, 16 kitab müəllifi olan Z.Məhərrəmlinin əsərləri Türkiyə, İran, Rusiya və digər ölkələrdə nəşr olunub, yüksək mükafatlara layiq görülüb.
“Qafqaz Media” İctimai Birliyinin sədri Hacı Azadə Taleh Abbasqızı ona Qarabağ mövzusunda yazdığı əsərlərinə görə “Xaribülbül” medalını təqdim edib.
Sonda Z.Məhərrəmli əsərlərindən bir neçəsini kitabxana filialına təqdim edib.