MƏDƏNİYYƏT
Kitabxananın vətənpərvər oxucuları yeni videoçarxlar təqdim edib
Bakı, 5 noyabr, AZƏRTAC
Torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan əsgərlərə dəstək olaraq Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası göndərilən yeni videoçarxları sosial şəbəkə vasitəsilə mütəmadi olaraq paylaşır.
AZƏRTAC xəbər verir ki, doğma torpaqlarımız Qarabağ uğrunda gedən Vətən müharibəsində mübarizə aparan igid əsgərlərimizə dəstək məqsədilə kitabxananın kiçikyaşlı oxucuları hazırladıqları yeni videoçarxları təqdim etməkdə davam edir.
Vətən sevgisi ilə böyüyən uşaqlar tezliklə azad Qarabağ torpaqlarına getməyi arzu edirlər.
Yeni təqdim edilən videoçarxda bu hissləri hər kəslə paylaşmaq istəyən kitabxananın oxucuları Valid Məhərrəmli və İslam Məhərrəmli şair Ağa Savalana məxsus “Qarabağa gedirəm!” adlı şeiri böyük qürurla səsləndirirlər.
“Öz yurduma, yuvama - Qarabağa gedirəm!” söyləyən uşaqlar sonda ingilis dilində “Karabakh is the land of Azerbaijan!” deyərək bütün dünyaya səslənirlər.