MƏDƏNİYYƏT
“Kitob dunyosi” qəzetində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru ilə müsahibə dərc edilib
Daşkənd, 28 iyun, АZƏRTAC
Daşkənddə özbək dilində çap edilən “Kitob dunyosi” qəzetində Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla müsahibə dərc olunub.
AZƏRTAC xəbər verir ki, müsahibədə Mədəniyyət Mərkəzinin fəaliyyəti, həyata keçirilən layihələr haqqında ətraflı söhbət açılır.
Materialda bildirilir ki, Mədəniyyət Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın klassik və müasir şair və yazıçılarının əsərlərini Daşkənddə özbək dilində çap etdirməkdir. İndiyədək böyük Azərbaycan şair və yazıçıları Nizami Gəncəvi, Füzuli, Bəxtiyar Vahabzadə, Elçin, Yunus Oğuz və digərlərinin kitabları çap edilib və böyük maraq doğurub. Nizami Gəncəvinin “Xəmsə”si Olimcon Buriyevin tərcüməsində bir kitabda işıq üzü görüb.
Müsahibədə deyilir ki, Özbəkistanın Xalq Şairi Camal Kamalın tərcüməsində isə böyük şairin “Sirlər xəzinəsi”, “Leyli və Məcnun” və “İskəndərnama” poemasının “İqbalnamə” hissəsi işıq üzü görüb. “İskəndərnamə”nin digər hissəsi “Şərəfnamə” və digər iki poema isə gələn ilə kimi çap olunacaq.
Bildirilir ki, böyük Azərbaycan yazıçıları Hüseyn Cavid və Mirzə Cəlilin kitabları da hazırdır və yaxın vaxtlarda nəşr ediləcək.
Müsahibədə Mədəniyyət Mərkəzinin keçirdiyi tədbirlərdən və gələcək planlarından da söhbət açılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd