SİYASƏT


Kiyev Milli Universitetində Yusif Vəzir Çəmənzəminli adına auditoriyanın yaradılmasına dair anlaşma memorandumu imzalanıb

Kiyev, 21 yanvar, AZƏRTAC

Ukraynanın ən nüfuzlu ali təhsil ocaqlarından olan Taras Şevçenko adına Kiyev Milli Universitetində аzərbaycanlı dövlət xadimi və yazıçı Yusif Vəzir Çəmənzəminli adına auditoriya yaradılacaq.

AZƏRTAC xəbər verir ki, Kiyev Milli Universitetinin rektoru professor Vladimir Buqrov və Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu barədə anlaşma memorandumu imzalayıblar.

Memoranduma əsasən, universitetin hüquq fakültəsinin 243 saylı auditoriyasına Yusif Vəzir Çəmənzəminlinin adı verilib. Auditoriya səfirliyin maliyyə dəstəyi ilə təmir olunub.

Yusif Vəzir Çəmənzəminlinin arxivindən əlyazmaların, diplom və sənədlərin surətləri, şəkillər səfir Elmira Axundovanın təşəbbüsü ilə auditoriyaya təqdim olunub. Auditoriyada, həmçinin müasir müstəqil Azərbaycana, ümummilli lider Heydər Əliyevə və Prezident İlham Əliyevə aid guşə də yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasının xəritələri, Qarabağ xalçası da auditoriyada yer alıb.

Auditoriyanın qarşısında Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədovun müəllifi olduğu Yusif Vəzir Çəmənzəminlinin barelyefi qoyulacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.