SİYASƏT
Kiyev məktəbində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilmişdir
Kiyev, 16 oktyabr (AZƏRTAC). Oktyabrın 16-da Kiyevdəki 37 nömrəli ümumtəhsil məktəbinin Azərbaycan dili sinfində Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbiri Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm-Mədəniyyət, İdman Mərkəzi və Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev nümayəndəliyi təşkil etmişdir.
Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş sinifdə iki dost dövlətin himnləri səslənmişdir.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli qarşıdan gələn dövlət bayramı münasibətilə soydaşlarımızı təbrik etmişdir. Azərbaycanın tarixinə ekskurs edən səfir müasir dövlətimizin təşəkkülündə və inkişafında dahi lider Heydər Əliyevin böyük rolunu diqqətə çatdırmışdır. Səfir respublikamızın bugünkü həyatından, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətdən, dərin və sistemli iqtisadi islahatlardan danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan ilə Ukrayna arasında qədim tarixə malik dostluq münasibətləri mövcuddur. E.Mədətli xatırlatmışdır ki, Kiyevdə ümummilli lider Heydər Əliyevin və görkəmli Azərbaycan şairi Səməd Vurğunun, İrpendə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın abidələri ucaldılmışdır. Bakıda dahi kobzar Taras Şevçenkonun abidəsi qoyulmuş, Sumqayıtda isə tezliklə Ukrayna şairi Lesya Ukrainkanın heykəli açılacaqdır.
Səfir sinifə Azərbaycanın coğrafi xəritəsini hədiyyə etmişdir.
Sonra UAK-ın Kiyev nümayəndəliyinin sədri, Azərbaycanın və SSRİ-nin əməkdar idman ustası, sərbəst güləş üzrə əməkdar məşqçi, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm-Mədəniyyət, İdman Mərkəzinin təsisçisi Oleq Krapivin, Mərkəzin direktoru, professor Arif Quliyev, Kiyev Meriyası Təhsil və Elm Baş İdarəsinin rəisi Vera Qoryunova çıxış etmişlər.
Tədbir iştirakçılarının hamısına Yuri Siqovun Ukrayna dilində nəşr edilmiş “Azərbaycan Qərb ilə Şəqrin arasında” kitabı hədiyyə edilmişdir.
Sonda Azərbaycan dili müəllimi Səfai Naibovanın şagirdləri Azərbaycana həsr olunmuş şeirlər oxumuşlar.
Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, UAK-ın fəalları, şagirdlərin valideynləri və başqaları iştirak etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev