DÜNYA
Kiyevdə Azadlıq və Ləyaqət Günü qeyd edilib - Fotoreportaj VİDEO
Kiyev, 22 noyabr, AZƏRTAC
Ukrayna tarixinin iki ən müasir taleyüklü hadisəsinin - 2004-cü ilin Narıncı inqilabının və 2013-cü ilin Ləyaqət inqilabının başlanması münasibətilə ölkədə Azadlıq və Ləyaqət Günü qeyd edilir.
O vaxtkı Ukrayna hakimiyyətinin Avropaya inteqrasiya xəttinin dayandırılması, habelə Ukrayna ilə Avropa İttifaqı arasında Assosiasiya haqqında Sazişin imzalanması prosesinin ləğv edilməsi barədə qərarına cavab olaraq 2013-cü il noyabrın 21-də ukraynalıların etiraz aksiyaları başlayıb.
Etirazların keçirildiyi üç ay ərzində 106 Ukrayna vətəndaşı öldürülüb, 2 mindən çox adam yaralanıb.
AZƏRTAC xəbər verir ki, Müstəqillik Maydanında azadlıq və ləyaqət veçesi 2013-cü ilin etirazları zamanı Ukraynanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanların ruhuna birgə duanın oxunması ilə başlayıb.
Sonra tədbir iştirakçıları Ukrayna himnini oxuyublar. Müstəqillik abidəsi yaxınlığında quraşdırılmış səhnədən inqilabi mahnılar səslənib.
Xatırladaq veçədə hər hansı partiya bayrağı dalğalandırılmayıb. Tədbirdə vətənpərvərlik qüvvələrinin böyük əksəriyyətinin nümayəndələri iştirak ediblər.
Rüstəm Məmmədov
Kiyev