SİYASƏT
Kiyevdə Novruz bayramı təntənə ilə qeyd olmuşdur
Kiyev, 23 mart (AZƏRTAC). Ukrayna paytaxtındakı “Şəhrizad” Azərbaycan mətbəxi restoranında Novruz bayramına həsr olunmuş bayram gecəsi təşkil edilmişdir.
Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədri, “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai Təşkilatının prezidenti, Əməkdar İdman Ustası, Azərbaycanın və keçmiş SSRİ-nin Əməkdar Məşqçisi Oleq Krapivin tərəfindən təşkil olunmuş tədbirin aparıcısı opera müğənnisi, Ukraynanın Xalq Artisti Qurban Abbasov olmuşdur.
Oleq Krapivin, Kiyev Dövlət Şəhər Administrasiyasının millətlərin və dini işlər şöbəsinin rəisi Olqa Vlasenko, “Azərbaycançılıq İnstitutu”nun vitse-prezidenti Aydın Aysin tədbirə toplaşmış 100-dən çox adamı bahar bayramı münasibətilə təbrik etmişlər. Aydın Aysin Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko və Kiyev vilayətinin qubernatoru Anatoli Prisyajnyukun təbriklərini çatdırmışdır. Azərbaycanın Milli Qəhrəmanı Rafael Əsədovun xanımı Valentina Əsədova, Azərbaycan məktəbinin fəaliyyət göstərdiyi Kiyevin 248 nömrəli məktəbinin direktoru Tatyana Vişnyevskaya, UAK-ın yaradıcısı, professor Tələt Əliyev, Hacı Şakir Yəhyayev və başqaları bayram gecəsində çıxış etmişlər.
O.Krapivin Novruz bayramı və 8 Mart münasibətilə qadınlara hədiyyələr təqdim etmişdir.
Rəsmi hissədən sonra bayram konserti olmuşdur. Konsert Q.Abbasovun ifasında Polad Bülbüloğlunun “Azərbaycan” mahnısı ilə açılmışdır. Gecədə Azərbaycan və Ukrayna mahnıları səslənmişdir, beynəlxalq müsabiqələr laureatı Bəxtiyar Ağayarovun rəhbərliyi ilə “Vətən” ansamblı Azərbaycan, Ukrayna və gürcü xalq rəsləri təqdim etmişdir.
Bayram süfrəsi Azərbaycan mətbəxinin ləziz nemətləri ilə bəzədilmişdir.
Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, Ukrayna ictimaiyyətinin, elmi və yaradıcı ziyalıların nümayəndələri, diasporumuzn üzvləri iştirak etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev