QAN YADDAŞI
Kiyevdə Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçirilib VİDEO
Kiyev, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Ukraynanın paytaxtı Kiyevdə bu ölkənin Ombudsman Ofisinin təşkilatçılığı, Ukrayna Ali Radasının Avropa Şurası Parlament Assambleyasındakı deputatlarının, diplomatik korpus və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Silahlı münaqişələrdə dinc əhalinin qorunması” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) dəstəyi ilə keçirilən, Xocalı faciəsinin ildönümünə həsr olunan tədbirin açılış mərasimində Ukrayna Ali Radasının İnsan Haqları üzrə komissiyasının sədri, ombudsman Lyudmila Denisova, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun həmsədri Valeri Kolyux Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Onlar Xocalıda törədilmiş faciənin insanlığa qarşı cinayət olduğunu vurğulayıb və bu səbəbdən Xocalı üçün ədalətin tələb edilməsinin, sadəcə, Azərbaycan xalqının deyil, bütün tərəqqipərvər bəşəriyyətin vəzifəsi olduğunu qeyd ediblər.
Açılış mərasimində “Xocalı-bəşəriyyətin vicdan yarası” mövzusunda çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov müasir dünyada mövcud regional münaqişələr zamanı mülki əhalinin qorunmasına dair beynəlxalq və Avropa müstəvisində qəbul edilmiş normalar haqqında ətraflı məlumat verib. O, bu prinsiplərin işğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsi zamanı kobud şəkildə pozduğunu, Xocalı soyqırımının isə bu cinayətlərin ən son həddi olduğunu vurğulayıb. Bildirib ki, istər dünya ictimaiyyəti, istərsə də Avropa təsisatları uzun illər ərzində özlərinin elan etdikləri ali prinsiplərin Xocalı soyqırımı zamanı kobud şəkildə tapdalanmasına göz yumaraq ikili standartlar nümayiş etdiriblər. Yalnız 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Xocalıya ədalət!” kampanıyası nəticəsində beynəlxalq ictimaiyyət bəşəriyyətin vicdan yarası olan bu faciəni tanıyıb. Bu istiqamətdə bir sıra beynəlxalq təşkilatlar və milli parlamentlər tərəfindən Xocalı soyqırımına verilən hüquqi və siyasi-mənəvi qiymət haqqında məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra keçirilmiş panel müzakirələrdə çıxış edən Ukrayna parlamentinin Sosial siyasət komitəsinin sədr müavini Natalya Korolevska, BMT-nin insan haqları monitorinq missiyasının sədr müavini Benjamin Moro, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının İdarə Heyətinin sədri Elçin Əsgərov, Avropa Parlamentinin Ukraynadakı nümayəndəsi Hanna Xristova, Ukrayna Helsinki İnsan Haqları İttifaqının icraçı direktoru Oleksandr Pavliçenko və digərləri Xocalı faciəsinin son bir əsrdə mülki əhaliyə qarşı cinayət aktları ilə müqayisəli təhlilini apararaq, bütün insani faciələrin dünya ictimaiyyəti tərəfindən tanınmasının, onlara siyasi-hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Valentina Əsədova mərhum həyat yoldaşı, Azərbaycanın Milli Qəhrəmanı Rəfael Əsədovun Qarabağ müharibəsi zamanı könüllü olaraq Vətənə döndüyünü, savaş zonasından mülki əhalinin xilasında iştirak etməsi əməliyyatları haqqında xatirələrini bölüşüb, Xocalı faciəsinin Azərbaycan xalqı ilə yanaşı, ukraynalılar üçün də yaralı tarix olduğunu qeyd edib.
Tədbirdəki çıxışları yekunlaşdıran konfransın moderatoru, Ukraynanın nüfuzlu “Leviy Bereq” İnstitutunun nümayəndəsi Aleksandr Demçenko Xocalı faciəsinə Avropa təsisatları tərəfindən lazımi qiymət verilmədiyini bir daha vurğulayaraq, bu istiqamətdə Avropa Şurası Parlament Assambleyasını ikili standartlara son qoyaraq həqiqət və ədalətin tərəfində olmağa çağırıb, xüsusilə keçirilən tədbirin bu qurumdakı ukraynalı deputatlarının da qeyd olunan istiqamətdə fəallığına səbəb olacağına ümidini ifadə edib.
Tədbir zamanı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, XX əsrdə insanlığa qarşı törədilmiş cinayətlər kontekstində Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıran sənədli film nümayiş etdirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev