ELM VƏ TƏHSİL
Kolleclərin aktyor sənəti ixtisasını seçən abituriyentlər nələrə diqqət yetirməlidirlər

Bakı, 10 iyun, AZƏRTAC
Tam orta təhsil (11 illik) bazasında kolleclərin bədii yaradıcılıq işi və aktyor sənəti ixtisasları üzrə abituriyentlər ixtisasdan qabiliyyət imtahanı verirlər.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahan üç hissədən ibarətdir: rejissor sənəti; aktyor ifaçılığı; musiqi duyumu və ritmika.
İmtahanın rejissor sənəti hissəsində abituriyent komissiyanın və ya özünün təklif etdiyi hər hansı tədbir və ya proqramın ssenarisini, quruluşunu necə görməsi, tədbirin və ya proqramın hazırlıq prosesində hansı ifadə vasitələrindən və bədii materiallardan istifadə edəcəyi barədə məlumat verməlidir. Bu zaman abituriyentin obrazlı düşüncə tərzi, müşahidəçilik, təsəvvür və müstəqil fikir yürütmə bacarığı qiymətləndirilir. Həmçinin abituriyentin ixtisasa dair məlumatı, bilik dairəsi, dünyagörüşü və bədii zövqü qiymətləndirilir.
Aktyor ifaçılığı hissəsində abituriyent komissiyanın təklif etdiyi və ya müxtəlif janrlı ədəbi əsərlər (şeir, təmsil, nəsr, dram və s.) üzrə özünün hazırladığı parçalar, monoloqlar söyləyir, etüd göstərir.
Musiqi duyumu və ritmika hissəsində abituriyentin plastikası, səs diapazonu, səsinin tembri, ritm duyumu, musiqini eşitmə və qavrama qabiliyyəti yoxlanılır.
İmtahanın nəticəsi “məqbul”la qiymətləndirilir. Hər bir hissənin (rejissor sənəti, aktyor ifaçılığı, musiqi duyumu və ritmika) nəticəsi 10 ballıq şkala üzrə qiymətləndirilir. Üç hissə üzrə abituriyentin aldığı ballar toplanılır və 3-ə bölünür. Alınan nəticə tam ədədə qədər yuvarlaqlaşdırılır və yekun qiymət çıxarılır. Beş və daha yüksək bal “məqbul” qiymət hesab edilir.
Xatırladaq ki, ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin bədii yaradıcılıq işi və aktyor sənəti ixtisaslarını seçən abituriyentlər də ixtisas üzrə qabiliyyət imtahanı verirlər. Qabiliyyət imtahanında abituriyentin aktyorluq, bədii qiraət, bədii təşkilatçılıq qabiliyyəti və musiqi duyumu yoxlanılır. Abituriyent müxtəlif janrlı ədəbi əsərlərdən (şeir, təmsil, hekayə və s.) parçalar, monoloqlar ifa edir, təklif olunan mövzuya dair sadə etüdlər göstərir. Həmçinin mahnı ifa edir və rəqs etmək bacarığını nümayiş etdirir.
İfa zamanı abituriyentin tələffüz tərzi, ifaçılıq məharəti, aydın və səlis danışmaq bacarığı, sözü mənalı, məntiqli ifadə etmək qabiliyyəti, əsərlərin janr xüsusiyyətlərinə görə obrazlı ifa tərzi və intonasiyası yoxlanılır.
Abituriyent müəllimlərin təklif etdiyi və özünün hazırladığı dramaturji materialın bədii təhlilini verir, əsər haqqında obrazlı düşüncə tərzini, yaradıcı fantaziyasını və təsəvvürünü nümayiş etdirir.
Abituriyentin ixtisası, həvəskar və özfəaliyyət yaradıcılığı haqqında bilikləri, məlumatlılığı, bədii zövqü, həmçinin plastikası, ritmi və səs diapazonu, səsinin tembri və gücü, musiqini eşitmə, qavrama qabiliyyəti yoxlanılır.
Ümumi orta təhsil bazasında kolleclərin qeyd olunan ixtisaslarına qabiliyyət imtahanının nəticəsi də “məqbul”la qiymətləndirilir. Bunun üçün 10 ballıq şkala üzrə 5 və daha yüksək bal toplamaq tələb olunur.