REGİONLAR
Kollektorlar lildən təmizlənir, torpaqların şoranlaşmasının qarşısı alınır VİDEO
Bakı, 10 may, AZƏRTAC
Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarının İstismarı İdarəsi respublikanın 6 rayonuna xidmət edir. İdarənin xidmət etdiyi kollektorun uzunluğu 5 min kilometrə yaxındır. Hər il idarənin texnikaları vasitəsilə kollektor-drenaj şəbəkələrində lildən təmizləmə işləri həyata keçirilir ki, bununla da torpaqların şoranlaşmasının qarşısı alınır. 2021-ci ildə illik plana əsasən Zərdabda 1, Kürdəmirdə 1 və Ağsu rayonu ərazisində 1 sukeçirici əsaslı təmir edilib. Bundan başqa, 78 ədəd hidrotexniki qurğu, 2 ədəd hidrometrik post və 5 ədəd meliorativ nasos stansiyasında da cari təmir işləri yerinə yetirilib. Ötən il ümumi olaraq kollektorlarda 1600 min kubmetrə yaxın lildən təmizləmə işləri görülüb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, mütəmadi olaraq kollektorların lildən təmizlənməsini həyata keçirən Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi balansında olan 5 ədəd nasos stansiyası vasitəsilə qrunt sularını ərazilərdən kənarlaşdırır. Bu nasos stansiyaları hesabına ilin əvvəlindən bu günə qədər 266 min kubmetr qrunt suları ərazidən kənarlaşdırılıb. Ümumiyyətlə, 2022-ci ilin 1-ci rübü ərzində Kürdəmir rayonu ərazisində olan kollektorlarda 72 min kubmetr, Zərdab rayonu ərazisində 62 min, Ağsu rayonu ərazisində 45 min kubmetr lildən təmizləmə işləri yerinə yetirilib. Ümumilikdə isə idarə kollektorlarda 179 min kubmetr lildən təmizləmə işləri həyata keçirib.
Qeyd edək ki, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi Yevlax, Bərdə, Zərdab, Kürdəmir, Ağsu və Ağcabədi rayonlarında kollektorların lildən təmizlənməsini təmin etməklə bərabər, balansında olan meliorativ obyektlərə də xidmət edir.