SİYASƏT
Kölndə səyyar konsulluq qəbulu və Azərbaycan icmasının üzvləri ilə görüş təşkil olunub
Berlin, 4 iyul, AZƏRTAC
Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Köln şəhərində Azərbaycan Respublikası vətəndaşları üçün səyyar konsulluq qəbulu təşkil edilib. Qəbul zamanı səfirliyin əməkdaşları tərəfindən vətəndaşlarımıza konsulluq-hüquq sahəsində məsləhətlər verilib. Həmçinin onları maraqlandıran suallar cavablandırılıb, sənədləri qəbul edilib və səfirliyin konsulluq şöbəsində göstərilən xidmətlər barədə ətraflı məlumatlar verilib.
Həmin gün Şimali Reyn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları ilə görüş keçirilib. Görüş zamanı Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə nəzər salınıb, qarşıda duran işlərdən danışılıb, fəaliyyətin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün təkliflər səsləndirilib, eləcə də səfirliyin diasporla əməkdaşlığı məsələlərinə toxunulub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin