REGİONLAR
Kolumbiya və Qax rayonunun yeniyetmə voleybolçuları yoldaşlıq görüşündə qüvvələrini sınayıblar
Qax, 23 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan və Kolumbiya arasında idman sahəsində mübadilə proqramı çərçivəsində ölkəmizdə səfərdə olan bu ölkənin yeniyetmə voleybolçu qızlardan ibarət komandanın üzvləri noyabrın 23-də Qax rayonuna gəliblər.
AZƏRTAC xəbər verir ki, səfər proqramına uyğun olaraq, şəhərlə qısa tanışlıqdan sonra Qax Olimpiya İdman Kompleksində Kolumbiya və Qax rayonunun yeniyetmə qızlardan ibarət voleybol komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Oyuna başlamazdan əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilib. Görüşdə meydan sahibləri qonaq komandaya 3:0 hesabı ilə qalib gəlib.
Kolumbiya Xarici İşlər Nazirliyinin Mədəniyyət Departamentinin idman məsələləri üzrə mübadilə proqramının əməkdaşı Andrea Alfonso AZƏRTAC-a müsahibəsində 2011-ci ildən həyata keçirilən mübadilə proqramının əsas məqsədinin uşaq və yeniyetmələrin silahlı münaqişələrə cəlb edilməsinin, onların silahlı birləşmələr tərəfindən mənfi istiqamətlərə yönəldilməsinin qarşısını almaq olduğunu bildirib. Qonağın dediyinə görə, indiyədək bu proqrama 1500-dən artıq kolumbiyalı uşaq və yeniyetmə cəlb olunub. Kolumbiyalı uşaqlar proqram çərçivəsində Azərbaycan da daxil olmaqla, dünyanın 42 ölkəsində olublar.