İQTİSADİYYAT


Komitə: Daha bir istismarına icazə verilən binada səyyar xidmət göstərilib

Bakı, 7 may, AZƏRTAC

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində daha bir istismarına icazə verilən binada səyyar xidmət göstərilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanının icrası ilə bağlı işlər daha da genişlənib. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyətini insan amilinin gücləndirilməsi istiqamətində həyata keçirir. Komitə buna uyğun olaraq, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində daha bir istismarına icazə verilən binada - vətəndaşların yaşadıqları ünvanda səyyar xidmət göstərib. Belə ki, mayın 7-də Bakının Nərimanov rayonunda yerləşən istismarına icazə verilmiş yeni çoxmərtəbəli binanın sakinlərindən ilkin sənədlər toplanıb. Məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, vətəndaş-məmur ünsiyyətinin azaldılması, o cümlədən vaxt itirmədən rahatlıqla əmlakların rəsmi qeydiyyata alınmasıdır. Həmçinin qeydiyyat prosedurlarının sadələşdirilməsi, sosiallıq prinsipinin təmin edilməsi əsas vəzifələrdəndir.

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində 90-dək sakindən birbaşa olaraq yaşadıqları yerdə əmlaklarına dair ilkin sənədlər toplanıb. Eyni zamanda, belə bina sakinləri üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirilib. Maarifləndirmə çərçivəsində vətəndaşlara bildirilib ki, artıq mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edəcək. Həmin mülkiyyət sənədi şəxsin “Elektron hökumət” portalına yerləşdiriləcək. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndəriləcək. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir.

Müvafiq Fərmanın imzalandığı tarixdən bu günə kimi bir neçə yeni binada yerləşən 315 mənzilə dair çıxarışlar sahiblərinə təqdim edilib. Həmin binalar Bakının Səbail, Nəsimi, Yasamal, Xətai, Nərimanov və Nizami rayonlarında yerləşir.

Adıçəkilən Fərmanın icra mərhələsində vətəndaşlar həm mobil ofislərə, həm də öz istəklərinə uyğun olan müvafiq quruma müraciət etməklə mənzillərini operativ qaydada qeydiyyata aldıra və sənədlərini əldə edə bilərlər. Proses davamlı olaraq həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.