İQTİSADİYYAT


Komitə: Hərraca çıxarılan qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri üzrə ümumilikdə 16 sifariş verilib

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 22-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, özəlləşməyə çıxarılan dövlət əmlaklarının cəlbediciliyi budəfəki hərracda rəqabətli mühiti təmin edib. Vətəndaşlar tərəfindən qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri üzrə ümumilikdə 16 sifariş verilib.

Hərracda rəqabət yaradan dövlət əmlaklarından biri Bakının Yasamal rayonu, Həsənbəy Zərdabi prospektindəki qeyri-yaşayış sahəsidir. Ümumi faydalı sahəsi 32,8 kvadratmetr olan obyektin hərracında iştirakçılar arasında yaranan rəqabət ilkin hərrac qiymətini iki dəfədən çox yüksəldib. Belə ki, 4 min manat başlanğıc qiymət təyin olunmuş əmlak daha baha qiymət - 10 min 500 manat təklif edən şəxs tərəfindən özəlləşdirilib. Vətəndaş marağına səbəb olan digər qeyri-yaşayış sahəsi paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsindədir. Ümumi faydalı sahəsi 147 kvadratmetr olan dövlət obyektinin hərrac qiyməti 25 min manat olsa da, iştirakçı rəqabətli mühitdə obyekt üçün 30 min 750 manat təklif edərək hərrac qalibi olub. Ağdaş rayonu üzrə keçirilən hərracda özəlləşdirilən qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 62,9 kvadratmetrdir. M.İsayev küçəsində yerləşən bu dövlət obyekti təyin olunan ilkin qiymətə özəlləşdirilib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin buraxılış tarixləri 2005-2008-ci illərdir. Bu avtomobillər “Mercedes”, “Kia”, “Nissan” və digər markalara aiddir.

Əmlak Məsələləri Dövlət Komitəsi sifarişçilərlə bərabər, prosesə marağı olan şəxslərin hərraclarda canlı və onlayn formada iştirakını təmin edir. Belə ki, açıq hərracların gedişatını onlayn izləmək istəyən vətəndaşlar təyin olunan vaxtda müvafiq linkə daxil ola bilər (e-emdk.gov.az/eHerrac/Home/Presentation). Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərraclarda müasir və optimal üsullar, əlçatan xidmətlər vətəndaş məmnunluğunun artırılmasına yönəlib.

Komitənin təşkil etdiyi növbəti hərrac yanvarın 29-u keçiriləcək. Hərraca ümumilikdə 79 dövlət əmlakı çıxarılıb. Onlardan 37-si kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir. Hərrac prosesinə qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.