İQTİSADİYYAT
Komitə: İyundakı hərraca 102 dövlət əmlakı çıxarılıb
Bakı, 13 may, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərraclardan biri iyunun 11-də keçiriləcək.
Komitədən AZƏRTAC-a bildirilib ki, həmin hərraca ümumilikdə 102 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyəti, 40-ı kiçik dövlət müəssisəsi, 19-u qeyri-yaşayış sahəsi, 6-sı yarımçıq tikili, 14-ü isə nəqliyyat vasitəsidir. Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 12 kvadratmetr ilə 3101 kvadratmetr arasındadır. Onlar arasında torpaq sahəsi ilə birgə özəlləşdirilən dövlət əmlakları kifayət qədərdir. Bu tip obyektlərin ilkin hərrac qiymətləri həm torpaq sahəsi və tikili üzrə ayrıca, həm də ümumi formada qeyd olunub. Uğurlu fəaliyyət potensialı olan dövlət əmlaklarından biri Gəncə şəhərində yerləşən kinoteatrdır. Nizami rayonu, Cavadxan küçəsindəki bu obyektin ümumi faydalı sahəsi 143 kvadratmetrdir. Dövlət əmlakının fəaliyyətinin müasir formada bərpası onu xidmət sahəsində gəlirli obyektə çevirə bilər. Kiçik dövlət müəssisəsi 978,7 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb.
Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 9,2 kvadratmetr ilə 127,4 kvadratmetr arasındadır. Biznes fəaliyyəti üzrə ofis və ya xidmət obyekti axtaran şəxslər bu dövlət əmlakları üzrə seçim edə bilər. Qeyri-yaşayış sahələrindən 9-u paytaxtda, 3-ü Sumqayıtda, digərləri isə Gəncə, Bərdə, Daşkəsən, Ağdam və Şirvandadır.
Özəlləşdirilməsi nəzərdə tutulan səhmdar cəmiyyətləri Bakı, Mingəçevir, Yevlax, Ağcabədi kimi şəhər və rayonlarda yerləşir. Səhmdar cəmiyyətlərinin 30-45 faizlik dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb.
İyunun 11-də keçiriləcək hərracda vətəndaşların istehsal tarixi 1985-2009-cu illər olan nəqliyyat vasitələri üzrə seçim imkanı var. “Volkswagen”, “UAZ”, “VAZ” və digər markalara aid avtomobillərin ilkin hərrac qiymətləri 2 min manat ilə 7 min 500 manat arasındadır.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən hərrac xidmətlərində vətəndaşların fiziki iştirakına ehtiyac qalmır. Hər kəsin olduğu məkanı tərk etmədən dövlət əmlaklarının özəlləşdirməsində iştirakı təmin edilir. İnternet üzərindən seçim və sifariş prosedurlarının yerinə yetirilməsi, o cümlədən hərracda onlayn iştirak imkanları rahatlığı təmin edir, vaxt itkisini aradan qaldırır.
Hərracda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytından (emdk.gov.az) və Özəlləşdirmə portalından (privatization.az) dövlət əmlakları üzrə seçim edə bilər. Seçdiyi dövlət əmlakı üzrə keçiddə qeydiyyatdan keçib, ilkin qiymətin 10 faizini ödəyən şəxs hərracda iştirak statusu qazanır.