CƏMİYYƏT


Kommunikasiya xətlərinin keçdiyi ərazilərin yanğın təhlükəsi ilə əlaqədar təmizlənməsi işləri davam etdirilir

Bakı, 13 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarət Xidməti və Binəqədi Rayon İcra Hakimiyyəti kommunikasiya xətlərinin keçdiyi ərazilərdə yanğın təhlükəsi olan sahələrin təmizlənməsi işlərini davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu çərçivədə növbəti təmizləmə işləri Binəqədi rayonu ərazisindəki “Baksol” yaşayış massivində həyata keçirilib.

FHN-in Dövlət Yanğın Nəzarət Xidmətinin Birinci Ərazi Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Rauf Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, son zamanlar respublika ərazisində hava şəraitinin quru keçməsi səbəbindən Dövlət Yanğın Nəzarət Xidməti potensial yanğın təhlükəsi olan əraziləri müəyyənləşdirib. Həmin ərazilərdə kiçik bir qığılcımdan, atılan siqaret kötüyündən baş verəcək yanğınların qarşısı alınması və geniş ərazilərə yayılmasının məhdudlaşdırılması məqsədilə rayon icra hakimiyyətinin aidiyyəti qurumlarının texnika və canlı qüvvələri cəlb olunaraq ərazilərin yanğın təhlükəsizliyinin təmin edilməsi işləri aparılır.

İyul ayının sonuncu ongünlüyündə yanğınların sayının intensivləşməsi nəzərə alınaraq, FHN-in Dövlət Yanğın Nəzarət Xidmətinin rəhbərliyi tərəfindən xüsusi əmr və göstərişlərin verildiyini diqqətə çatdıran Rauf Qurbanov deyib: “Həmin əmr və göstərişlərin icrası nəticəsində yanğınların sayı azalıb. Əmr və göstərişlərdə əsasən müvafiq icra hakimiyyətinin əməkdaşları tərəfindən quru otlaq ərazilərin təmizlənməsi nəzərdə tutulub. Əsasən kommunikasiya xətlərinin keçdiyi ərazilərdə baş verə biləcək yanğınlar zamanı ciddi fəsadların olması ehtimalı ilə əlaqədar təmizləmə işləri aparılır. Bu cür tədbirlərin yay boyu keçirilməsi nəzərdə tutulub. Hazırda quru ot və qamışlığın olduğu 2500 kvadratmetr ərazi təmizlənib. Qarşıdakı günlərdə belə tədbirlərin şəhərin digər ərazilərində də keçirilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, tədbirdə FHN-in və rayon icra hakimiyyətinin əməkdaşları quru otlaq və qamışlıq əraziləri xüsusi texnikalarla təmizləyərək toplayıb və müəyyən olunmuş yerlərə göndəriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.