QAN YADDAŞI


“Komsomolskaya pravda” qəzetində 20 Yanvar hadisələrinə həsr edilmiş məqalə dərc olunub

Moskva, 24 yanvar, AZƏRTAC

Rusiyada çıxan “Komsomolskaya pravda” qəzetində “Azərbaycan Ümumxalq Hüzn gününü qeyd edir” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun dəstəyi ilə buraxılmış məqalə 1990-cı il Qara Yanvar hadisələrinə həsr edilib. Məqalədə qeyd edilir ki, 1990-cı il 20 yanvar günü Azərbaycan xalqının tarixinə ölkəmizin azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizənin qəhrəmanlıq səhifəsi kimi düşüb. 31 il əvvəl o faciəli gecədə Azərbaycanın şanlı övladları ölkənin və xalqın azadlıq, şərəf və ləyaqətini hər şeydən uca tutaraq Vətən uğrunda canlarından keçdilər.

Məqalədə deyilir: o gecə Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli terror aktı bəşəriyyətin tarixinə insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi yazıldı. Yanvarın 22-də Bakı sakinləri günahsız güllələnmiş həmvətənlərimizin xatirəsini yad etmək üçün avtomat və pulemyot lülələri altında, şəhərin küçələrində toplaşmış hərbi texnikaya məhəl qoymadan, izdihamlı nümayişlərə çıxdılar.

Məqalədə vurğulanır: “Faciəli 20 Yanvar hadisələrindən sonrakı gün ümummilli lider Heydər Əliyev öz ailə üzvlərinin müşayiəti ilə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və orada mətbuat konfransı keçirdi. O, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi təcavüz aktını kəskin şəkildə pisləyərək bildirdi ki, bu, dəhşətli cinayət və dinc əhaliyə divan tutmaqdır.

SSRİ-nin ovaxtkı rəhbərliyi uzun illər boyu Azərbaycana rəhbərlik etmiş, yüksək vəzifələr tutmuş Heydər Əliyevin zəngin idarəçilik təcrübəsinə və möhkəm iradəsinə paxıllıq edərək onu pensiyaya göndərmişdi.

Heydər Əliyev həmin çıxışında siyasi baxımdan savadsız bir insanın Azərbaycana rəhbər kimi təyin edilməsinə görə SSRİ rəhbərliyini ittiham edib vurğulamışdı ki, məhz bunun nəticəsində hakimiyyət xalqın etimadını itirdi, bu da 20 yanvar faciəsinə gətirib çıxardı”.

Materialda xüsusi qeyd edilir ki, artıq 2020-ci ildə Azərbaycan xalqı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44-günlük Vətən Müharibəsində qalib gələrək ölkənin ərazi bütövlüyünü bərpa edəndə xalqın azadlıq haqqında arzusu həyata keçdi.

Xalqımız çiçəklənən Azərbaycanın azadlığına və müstəqilliyinə heç də asanlıqla nail olmayıb, bu yolda itkilərimiz çox olub. Çoxdan gözlənilən Qələbəni gətirən, Vətən yolunda özünü qurban etmiş döyüşçülərin ruhu qarşısında baş əyirik, onların xatirəsi əbədi yaşayacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.