ELM VƏ TƏHSİL
Konfutsi İnstitutunun direktoru çinlilərlə görüşdə İpək Yolunun inkişafında Azərbaycanın tranzit mövqeyindən danışıb
Bakı, 24 iyul, AZƏRTAC
Çin Mərkəzi Televiziyasının CCTV-4 telekanalının yaradıcı heyəti Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda olub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb, tarixi İpək Yolunun bərpasında Azərbaycanın geostrateji roluna həsr olunan seminarların keçirilməsinin əhəmiyyətini qeyd edib. O, Azərbaycanın çoxəsrlik tarixi, unikal təbiəti və qədim mədəniyyəti haqqında danışaraq Böyük İpək Yolunun inkişafında ölkəmizin tranzit mövqeyini xüsusi qeyd edib. Professor vurğulayıb ki, son illər Çin ilə ADU arasında tələbə və müəllim mübadiləsi genişləndirilib, universitetin çinşünaslıq ixtisasının 10 tələbəsi Çinin Şenyan Pedaqoji Universitetini uğurla bitirib. O, qonaqları Konfutsi İnstitutunda ümummilli lider Heydər Əliyev siyasi irsinin öyrənilməsi və Prezident İlham Əliyevin Azərbaycan və Çin arasındakı çoxşaxəli əməkdaşlıq və dostluq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fəaliyyəti üzrə informasiya bazası ilə tanış edib.
Nümayəndə heyəti universitetin çinşünaslıq ixtisasında təhsil alan tələbələri və Konfutsi İnstitutunun təşkilatçılığı ilə fəaliyyət göstərən Azərbaycan-Çin linqvokulturoloji düşərgəsinin iştirakçıları ilə görüşüblər.
Sonda ADU-nun tələbələri Çin dilində şeirlər söyləyiblər, eləcə də Çin mahnı və rəqsləri ifa ediblər.