REGİONLAR


“Könüllü təlimçi” layihəsinə yekun vurulub

Naxçıvan, 3 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində 5 dekabr – Beynəlxalq Könüllülər Gününə həsr olunmuş “Könüllü təlimçi” layihəsi həyata keçirilib.

Mərkəzdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mərkəzin direktoru Mehriban İmanova çıxışında könüllülüyün ölkəmizdə ümummilli hərəkata çevrildiyini söyləyib. Qeyd edib ki, könüllülükdən peşəkarlığa doğru istiqamət alan “Könüllü təlimçi” layihəsində iştirak edən könüllülər Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi və onun yanında Maliyyə Tədris Mərkəzi ilə sıx əməkdaşlıq imkanlarını əldə edir, karyera imkanlarını artırır, kütlə qarşısında çıxış etmək bacarıqlarını təkmilləşdirirlər. Layihə könüllülərin peşəkar təlimçi kimi yetişmələrində mühüm rol oynayır.

Dörd istiqamət üzrə reallaşdırılan təlimdə iqtisadiyyat, mühasibat uçotu, maliyyə və qanunvericilik üzrə təqdimatların qəbul edilməsi tələbi qoyulub və onlayn qeydiyyat aparılıb. Mühasibat uçotunun nəzəri və təcrübi əsasları, ailə büdcəsinin və şəxsi büdcənin idarə edilməsi, əmək və mülki qanunvericiliklə bağlı təqdimatlarla qeydiyyatdan keçən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, o cümlədən bu sahəyə marağı olan könüllülər layihədə iştirak etmək hüququ qazanıb.

Layihənin icrası zamanı büdcə və kommersiya təşkilatlarında çalışan mühasiblərdən və muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən ibarət 14 könüllünün təqdimatı dinlənilib. Şəffaflığı təmin etmək məqsədilə Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən ekspert qrupu yaradılıb, təqdimatlar onların nitq və auditoriyanı ələ alma qabiliyyəti, səsin düzgün tənzimlənməsi, bədən dili, mövzunu əhatə etmə dairəsi, interaktivlik və digər meyarlar əsasında qiymətləndirilərək “ən yaxşı təlimçilər” seçilib, onlara mərkəz tərəfindən sertifikatlar təqdim olunub.

İkinci mərhələdə könüllülər üçün “Gələcək üçün maliyyə” adlı təlim keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda təşkil edilən təlimdə muxtar respublikada ali və orta ixtisas müəssisələrində təhsil alan 50-dən çox gənc könüllü iştirak edib. Maliyyə Nazirliyinin əməkdaşı İbrahim Şərifov və “Könüllü təlimçi” layihəsində “Maliyyə savadlılığı” mövzusunda təqdimatı ilə fərqlənən Naxçıvan Dövlət Universitetinin tələbələri Elmar İsgəndərov, Aytəkin Abbaslının təqdimatında keçirilən təlim zamanı pulun mahiyyəti və tarixi haqqında məlumat verilib. Bundan başqa, büdcə və fərdi büdcənin mahiyyəti izah edilib, pul vəsaitlərindən effektiv istifadə olunma yolları, büdcə qurmağın addımları, büdcənin planlaşdırılmasının əhəmiyyəti, maliyyə hədəfləri, qənaət, borc, yığım vasitələri, investisiya və digər mövzularla bağlı təqdimat nümayiş edilib. Səkkiz komandanın iştirak etdiyi təlimdə mövzuya uyğun olaraq interaktiv mərhələ keçirilib. Müsabiqədə sualları ən dolğun cavablandıran və ən yaxşı büdcə planlaşdırması layihəsi ilə seçilən “Qarabağ” komandası birinci, “Əlincə” komandası ikinci, “Şahbulaq” komandası isə üçüncü yerə layiq görülüb.

Qaliblərə Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən hədiyyələr və sertifikatlar təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.