CƏMİYYƏT
“Könüllülər yurdu-Azərbaycan” layihəsi çərçivəsində sonuncu təlim və aksiya keçirilib
Bakı, 26 avqust, AZƏRTAC
“ASAN Könüllüləri” Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırdığı, respublikanın 24 şəhər və rayonunu əhatə edən “Könüllülər yurdu - Azərbaycan” layihəsinin regionlar üzrə tədbirləri yekunlaşıb.
Avqustun 10-da start götürmüş layihə çərçivəsində regionda sonuncu təlim və aksiya ayın 24-25-də Qəbələ şəhərində keçirilib.
Avqustun 24-də keçirilən təlimlərdə “ASAN Könüllüləri” Təşkilatının əməkdaşları Həsənxan Həsənxanlı və Elxan Şükürov Qəbələ, Şəki, Qax və Oğuzdan olan 150-yə yaxın gəncə könüllülərin cəmiyyətə aşıladıqları dəyərlər və özünüinkişaf haqqında çıxışlar ediblər.
Ayın 25-də gənc iştirakçılar “Bərpa işləri” aksiyasını keçirib və könüllülük prinsipləri əsasında işləyiblər. İştirakçılar ilk könüllü fəaliyyətlərinə görə sertifikatla təltif ediliblər
Qeyd edək ki, “Könüllülər yurdu - Azərbaycan” layihəsi çərçivəsində könüllülər tərəfindən “Yol hərəkəti qaydaları”, “Heyvanların qorunması”, “Kitab oxuma”, “Hüquqi maarifləndirmə”, “Siqaretə qarşı mübarizə”, “Kitab mübadiləsi”, “Ətraf mühitin təmizlənməsi”, “Bərpa işləri” adlı sosial aksiyalar təşkil edilib.
Min nəfərdən çox gənc təlim və sosial aksiyalarda iştirak edib, 80 min nəfərdən çox vətəndaş könüllülük fəaliyyəti haqqında məlumatlandırılıb.