CƏMİYYƏT
Könüllülərdən ibarət mobil işçi qrupları tərəfindən reydlər davam etdirilir
Bakı, 5 sentyabr, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyəti, rayon gənclər və idman idarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə icrasına nəzarət, həmçinin əhalinin maarifləndirilməsi məqsədilə rayonda yaradılmış könüllülərdən ibarət mobil işçi qrupları tərəfindən reydlər davam etdirilir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gənclərin iştirakı ilə müəyyənləşdirilmiş qrafikə uyğun olaraq fəaliyyətinə icazə verilmiş mağazalarda, eləcə də bir sıra obyektlərdə monitorinqlər həyata keçirilir.
Reydlərin əsas məqsədi sahibkarların və müştərilərin Operativ Qərargah tərəfindən müəyyənləşdirilmiş qaydalara daha ciddi əməl edilməsinin təbliğ olunmasından ibarətdir. Rayonun müxtəlif ərazilərində fəaliyyət göstərən mağazalarda gənclər tərəfindən keçirilən reydlər zamanı sahibkarlar və vətəndaşlarla fərdi söhbətlər aparılıb. Gənclər tərəfindən aparılan söhbətlər zamanı tibbi maskalardan və dezinfeksiya məhlullarından mütləq şəkildə istifadənin, eləcə də fiziki məsafənin saxlanılmasının vacibliyi vurğulanıb.
Reydlər zamanı sakinlərdən özlərinin və ətraflarının sağlamlığı üçün qaydalara əməl etmələri bir daha xahiş olunub.