CƏMİYYƏT


Kopenhagen yaxınlığında UN-17 adlı ekoloji kənd salınacaq

Bakı, 6 fevral, AZƏRTAC

Kopenhagenin yaxınlığında ümumi sahəsi 35 min kvadratmetr olan ərazidə UN-17 adlı ekoloji kənd salınacaq. Bu kənddə emal edilmiş beton, ağac və şüşədən istifadə edilməklə ən müasir ekoloji texnologiyalar əsasında beş yaşayış korpusu tikiləcək.

AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, ekoloji kəndin layihəsi BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən dəstəklənib. Müəlliflərin planına görə BMT-nin davamlı inkişaf sahəsində 17 hədəfinin bütün tələbləri nəzərə alınmaqla yaradılacaq yeni yaşayış məntəqəsində cəmi 830 nəfər, o cümlədən 175 uşaq və 100 nəfər ahıl şəxs məskunlaşacaq.

BMT-nin davamlı inkişaf hədəflərinin sayına uyğun olaraq UN-17 adlanan bu kəndin inşasına, hava şəraitindən asılı olaraq, 2019-cu ilin sonunda və ya 2020-ci ilin əvvəlində başlanması və bütün işlərin 2023-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Hər binanın damında salınacaq bağlarda və istixanalarda sakinlər meyvə-tərəvəz yetişdirəcəklər. Kənddə tikiləcək müasir restoranların menyusunda orqanik məhsullardan hazırlanmış yeməklər olacaq. Hər binanın damında ildə 1,5 milyon litr yağış suyunun toplanması və təmizlənməsi üçün nəzərdə tutulan qurğular qoyulacaq. Sakinlər bərpa olunan müasir enerji mənbələrindən istifadə edəcəklər.

Kopenhagen sakinləri üçün bu innovasiyalı layihə şəhərin ekolojiləşdirilməsi və istixana qazları emissiyalarının azaldılması işində irəliyə doğru atılan daha bir addım olacaq.

2014-cü ildə Danimarkanın paytaxtı Avropada ən “yaşıl” şəhər hesab edilib. Kopenhagen sakinləri 2025-ci ilə qədər öz şəhərlərini karbonsuz şəhərə çevirməyi, yəni karbon tullantılarını sıfıra endirməyi qarşıya məqsəd qoyublar.

BMT-nin Ətraf Mühit Proqramında göstərilir ki, 2050-ci ilə qədər Yer kürəsi əhalisinin 70 faizi şəhərlərdə yaşayacaq. Dünyada urbanizasiyanın bu cür sürətlə artması gələcəkdə bəşəriyyətin taleyinə güclü təsir göstərəcək. Artıq bu gün karbon qazı tullantılarının 70 faizi şəhərlərin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.