DÜNYA
Körfəzin ərəb dövlətlərinin liderləri Almaniyanın kansleri ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər
Qahirə, 26 sentyabr, AZƏRTAC
Almaniyanın kansleri Olaf Şoltsun Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı enerji sektorunda əməkdaşlıq, o cümlədən maye qaz tədarükünün artırılması məsələləri müzakirə olunub.
AZƏRTAC Saudi Press agentliyinə istinadla xəbər verir ki, Almaniya kanslerinin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşündə neft hasilatı ilə bağlı məsələlər, həmçinin alman şirkətlərinin səudiyyəli iş adamları ilə texnologiyalar və qarşılıqlı sərmayələrin həcminin artırılması müzakirə olunub.
Olaf Şoltsun Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşündə isə Qətərin Şimal Qaz Yatağının istismarında alman şirkətlərinin iştirakı müzakirə olunub. Qətər Xəbər Agentliyinin xəbərində qeyd olunub ki, Almaniyanın kansleri qətərli iş adamları alman iqtisadiyyatına ən çox sərmayə qoyanlar sırasında yer aldığını və qarşı tərəfin də qaz sektoruna investisiyaları artırmaq niyyətində olduğunu vurğulayıb.
Almaniyanın kanslerinin BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan ilə görüşündə də enerji sektorunda əməkdaşlıq əsas müzakirə mövzusu olub. WAM agentliyinin xəbərində qeyd olunub ki, tərəflər karbohidrogen ehtiyatlarının istismarı ilə yanaşı, bərpaolunan enerji mənbələrinə sərmayələrin qoyulması, texnologiya və 2023-cü ildə Əbu-Dabidə keçiriləcək CO28 iqlim dəyişikliyi sammitinə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Körfəzin ərəb dövlətlərinin liderləri Almaniyanın kansleri ilə Yaxın Şərqdə münaqişələrin nizama salınması, qlobal və regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə