İQTİSADİYYAT


Korneliu Kondrea: Rumıniya Xəzər qazının TANAP və TAP-la Avropaya nəqlində maraqlıdır

Buxarest, 27 iyun, AZƏRTAC

Cənub Qaz Dəhlizinin inkişafında Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) rolu mühüm əhəmiyyətə malikdir. Rumıniya isə bu kompleks layihənin və onun genişləndirilmə planını fəal dəstəkləyən ölkələrdən biridir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Rumıniyanın Energetika Nazirliyinin dövlət katibinin müşaviri Korneliu Kondrea bildirib.

O əlavə edib ki, rəsmi Buxarest Azərbaycan qazının yaxın bir neçə ildə Avropaya nəqlini nəzərdə tutacaq “Şaquli dəhliz”in həyata keçirilməsində yaxından iştirak edir: “Bildiyiniz kimi Rumıniya, “Şahdəniz-2” yatağından çıxarılacaq Azərbaycan qazının nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya təbii qazötürücü sistemlərini birləşdirəcək “Şaquli dəhliz”i kəmərini dəstəkləyir və bu işin icrasında yaxından iştirak edir. Ölkəmiz TANAP və TAP kimi qaz kəmərləri infrastrukturundan istifadə edilməklə enerji mənbələrinin şaxələndirilməsinin dəstəklənilməsində maraqlı olduğunu dəfələrlə açıqlayıb. Əlbəttə, bu işdə regionda mövcud olan qaz kəmərlərinin - Yunanıstan-Bolqarıstan İnterkonnektoru, BRUA, eləcə də Türkmənistan, Azərbaycan, Qara və Aralıq dənizlərində mövcud olan resursların potensialları nəzərə alınmalıdır.

K.Kondrea deyib ki, Rumıniya Avropa İttifaqının enerji məqsədlərinə nail olunması üçün həyata keçirdiyi milli və regional səviyyədə “mavi yanacaq” təchizatının təhlükəsizliyini təmin edəcək strateji layihələrin icrası istiqamətində Avropa Komissiyasının səylərini fəal şəkildə dəstəkləyir. O, bu baxımdan TANAP-ın əhəmiyyətli rol oynayacağını xüsusi qeyd edib: “Ümumiyyətlə Avropanın enerji siyasətinin aparıcı istiqamətlərindən biri də mənbələrin və marşrutların şaxələndirilməsidir. Deyə bilərəm ki, Xəzər regionu bu baxımdan mühüm alternativdir. Avrasiya bölgəsində yerləşən ölkələrlə əlaqələri inkişaf etdirməklə biz, enerji sahəsində əməkdaşlığın yeni imkanlarını müəyyənləşdirə bilərik”.

Nazirliyin rəsmisi qeyd edib ki, Cənub-Şərqi Avropa ölkələrinin yerləşdiyi coğrafi mövqe onlara imkan verir ki, qaz hasil edən ölkələrlə “mavi yanacağ”ı idxal edəcək Mərkəzi və Qərbi Avropa bazarları arasında tranzit rolunu oynasınlar: “Fikrimcə, “mavi yanacağ”ın satışındakı gələcək dəyişikliklər və regional bazarların inteqrasiyasını nəzərə almaqla, Yunanıstan, Bolqarıstan və ya Rumıniya uzun müddətdə Avropanın enerji mərkəzinə çevrilə bilər. Lakin hazırkı vəziyyətdə bu hədəfə ən yaxın ölkə Türkiyədir”.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.