İQTİSADİYYAT
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində kitabxana və tibbi yardım məntəqəsi fəaliyyət göstərəcək
Bakı, 19 iyul, Elvin Camalov, AZƏRTAC
Sentyabrda “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin yenidən qurulması işlərinə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli deyib.
O bildirib ki, Bakının ətraf kənd və qəsəbələrində 7 ünvanda kiçik nəqliyyat mübadilə mərkəzlərinın yaradılması planlaşdırılır. Nəqliyyat mübadilə mərkəzləri sərnişin axınının idarə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
İdarə heyətinin sədri qeyd edib ki, mübadilə mərkəzləri daha da təkmilləşdiriləcək. “Beynəlxalq təcrübəyə əsasən böyük dayanacaqlar tikiləcək. Dayanacaqların içərisində kitabxana, təcili tibbi yardım məntəqəsi, vətəndaşların gündəlik tələbatına cavab verən xidmətlər fəaliyyət göstərəcək.
Onun sözlərinə görə, sentyabr ayında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yenidənqurma işlərinə başlanılacaq. Orada sadəcə dayanacaq yox, vətəndaşların rahatlığı üçün uyğun şərait yaradılacaq. “Mənim ən çox istədiyim məqam – kitabxananın mövcudluğudur. Mən həm avtobuslarda, həm də dayanacaqlarda vətəndaşların kitab oxumaq imkanının olmağını istəyirəm ki, insanlarımız virtual dünyadan çıxıb bir az kitabla ünsiyyətdə olsunlar”.