REGİONLAR
Koronavirus xəstəsi işğaldan azad olunmuş əraziyə icazəsiz keçərkən saxlanılıb
Ağdam, 3 may, AZƏRTAC
Aprelin 22-də saat 6 radələrində Ağdam rayon sakini Rəşad Əliyev Təzəkənd kəndi ərazisindən işğaldan azad olunmuş əraziyə icazəsiz keçərkən saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə protokol tərtib olunaraq rayon məhkəməsi tərəfindən 15 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilib.
Həkim müayinəsi nəticəsində COVID-19 virusuna yoluxduğu aşkarlandığından o, müalicə alması üçün evə buraxılıb.
Lakin mayın 2-də saat 5 radələrində R.Əliyev “VAZ-21015” markalı avtomobillə evi tərk edərək Təzəkənd kəndi ərazisində yerləşən nəzarət postundan keçərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq postun şlaqbaumunu qıraraq işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib. Polis əməkdaşları tərəfindən onun bu cəhdinin qarşısı alınıb, tibbi prosedurlar gözlənilməklə o, evinə qaytarılıb.
Koronavirusun yayılmasına real təhlükə yaratdığına görə Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə onun haqqında cinayət işi başlanılıb.