CƏMİYYƏT
Koronavirusa yoluxanlar 8103 SMS sistemi və “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə ala bilməzlər
Bakı, 3 iyul, AZƏRTAC
Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi TƏBİB-in elektron sisteminə inteqrasiya olunduğundan koronavirusa yoluxmuş vətəndaşlar 8103 SMS icazə sistemindən və “E-Təbib” mobil tətbiqindən icazə ala bilməzlər. Həmin şəxslər sağaldıqdan və karantin müddəti bitdikdən sonra onların icazəsinə sistem üzərindən qoyulmuş qadağa aradan qaldırılır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iyulun 3-də keçirilən brifinqdə söyləyib.
Onun sözlərinə görə, Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi Dövlət Sərhəd Xidmətinin elektron sisteminə də inteqrasiya olunub. Buna görə də digər ölkələrdən Azərbaycana gələnlər nəzərdə tutulan karantin müddəti bitənə qədər 8103 SMS xidmətindən və “E-Təbib” mobil tətbiqindən icazə ala bilməyəcəklər.
“Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”, - deyən Ü.Mehdiyev qeyd edib ki, ətraflı məlumat almaq üçün 9108 “Çağrı” Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.