İDMAN
Kristian Karambo: Bakı hər zaman idman tədbirlərinə ev sahibliyi ilə fərqlənib VİDEO
Bakı, 9 fevral, AZƏRTAC
Bakıda olmaqdan məmnunam. Azərbaycanın paytaxtı kifayət qədər müasir şəhərdir. Bakı hər zaman idman tədbirlərinə ev sahibliyi ilə fərqlənib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ölkəmizdə səfərdə olan futbol üzrə dünya çempionatı Kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo söyləyib.
“Ümid edirəm ki, Azərbaycan yığmasını 2022-ci ildə keçiriləcək dünya çempionatında görə biləcəyik. Çünki növbəti mundialda 48 ölkə iştirak edəcək. Dünya Kubokunun əslini bir çox ölkələrə aparmışıq, uzun məsafələr qət etmişik. Azərbaycan isə 16-cı ölkədir. Amma məsafələrin uzaqlığı bizi yormayıb. Kuboku ölkənizə gətirməkdən məmnunuq”.
“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel Dünya Kubokunun Azərbaycana gətirilməsinin qürurverici olduğunu vurğulayıb. O, Kubokun şəhər sakinləri və qonaqlara nümayiş etdirilməsi üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılacağını, futbol azarkeşlərinin Dünya Kubokunu yaxından görə biləcəklərini bildirib.
AFFA-nın baş katibi Elxan Məmmədov qeyd edib ki, Dünya Kubokunu hər hansı bir ölkədə görmək üçün üç səbəb ola bilər: birinci səbəb dünya çempionluğu, ikinci səbəb ev sahibliyi, üçüncü səbəb isə hazırkı tədbirdir. Ümidvaram ki, gələcəkdə ilk iki səbəbə görə də Kubok ölkəmizə gətiriləcək”.
Sonra isə Dünya Kuboku media nümayəndələrinə təqdim edilib.
Xatırladaq ki, bu gün futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib. Kuboku Kristian Karambo müşayiət edib.
İdman aləminin əsas mükafatı olan Dünya Kuboku incəsənət ustalarının hər zaman marağını doğurub. Məşhur italyan heykəltəraş Silvio Qassaniyanın eskizləri əsasında hazırlanmış Dünya Kuboku 6 kiloqramdan artıq xalis qızıldan ibarətdir.
Kubokun turu barədə danışan Elxan Məmmədov deyib: “Dünya Kubokunu yaxından görmək istənilən futbol azarkeşinin ən böyük arzularından biridir. “Coca-Cola” şirkəti və FIFA Kubokun dünya turunu təşkil etməklə müxtəlif ölkələrdəki çoxsaylı azarkeşlərə böyük sevinc bəxş edir. Tədbirin Azərbaycanda da keçirilməsi futbolun təbliği və azarkeş marağı baxımından xüsusi əhəmiyyət daşıyır. Biz çox şadıq ki, “Coca-Cola” şirkəti ilə AFFA arasında uzunmüddətli və çoxşaxəli əməkdaşlıq mövcuddur və inanırıq ki, birgə həyata keçirəcəyimiz layihələr hər zaman uğur qazanacaq”.