REGİONLAR
Kross qaçışı üzrə muxtar respublika turnirinin qalibləri müəyyənləşib
Naxçıvan, 14 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında muxtar respublika turnirinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi turnirdə 300-dən çox idmançı Duzdağ Fizioterapiya Mərkəzinin 5 kilometrlik məsafəsində finiş xəttini birinci keçməyə çalışıb.
Turnirin yekun nəticəsinə əsasən qızların mübarizəsində qalib adını Aysu Abbasova (“Rabitəçi”) qazanıb. Digər iki pillədə isə Xatun Oruclu (“Rabitəçi”) və Nazlıcan Çakır (Naxçıvan Dövlət Universiteti) qərarlaşıblar.
Oğlanların mübarizəsində Əmrah Nağıyev (“Rabitəçi”) birinci, Qəşəm Səfərov və Səfər Tağıyev (hər ikisi “Rabitəçi”) isə müvafiq olaraq ikinci və üçüncü olublar.
Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.