REGİONLAR
Kubalı musiqiçi: Qəbələ festivalı xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verir VİDEO
Qəbələ, 2 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələdə keçirilən beynəlxalq musiqi festivalına yenidən dəvət aldığımıza görə təşkilatçılara minnətdarlığımızı bildiririk. Bu, qrupumuzun Qəbələyə ikinci səfəridir. İki il əvvəl də bu gözəl şəhərdə keçirilən festivalda iştirak etmişik. Həmin konsertdə tamaşaçıların Latın ölkələri musiqisinə böyük marağı olduğunu gördük. Onlar bizim rəqqaslarla birlikdə doyunca rəqs etdilər, bizi ruhlandırdılar. Budəfəki konsertdə isə Latın-caz və digər musiqi janrlarının elementlərini bir araya gətirməklə, tamaşaçılara ənənəvi Kuba musiqisini müasir yanaşma ilə təqdim etdik. Güman edirik ki, konsert tamaşaçıların ürəyincə oldu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri X Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış edən Kubanın məşhur “Jovanes Clasicos Del Son” qrupunun rəhbəri Ernesto Reyes Proenza jurnalistlərə müsahibəsində deyib.
Festivalın yüksək səviyyədə təşkil edildiyini vurğulayan kubalı musiqiçi belə musiqi tədbirlərinin xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyini bildirib.