REGİONLAR
Küdrü düzündə çəyirtkəkimilərlə mübarizə ilə bağlı tarla şəraitində təlim keçirilib
Bakı, 19 iyun, AZƏRTAC
Aqrar Xidmətlər Agenlitiynin mütəxəssisləri tərəfindən Biləsuvar, İmişli, Saatlı və Sabirabad rayonlarının bitki mühafizəsi mütəxəssisləri və fermerlər üçün “Çəyirtkəkimilərlə mübarizədə tətbiq edilən pestisidlərin insanlara və ətraf mühitə mənfi təsirinin azaldılması, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC) üzrə yığılması” mövzusunda təlim keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, təlimdə yerli qurumların bitki mühafizəsi üzrə mütəxəssisləri və fermerlər iştirak ediblər. İştirakçılara çəyirtkəkimilərin biologiyası, zərərvurma xüsusiyyətləri, onlara qarşı mübarizə üsulları və dərmanlamalar zamanı pestisidlərin insanlara və ətraf mühitə mənfi təsirinin azaldılması, həmçinin çəyirtkələrlə bağlı Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC) üzrə yığılması barədə ətraflı məlumatlar verilib.
Təlim tarla şəraitində - çəyirtkələrin məskunlaşdığı Küdrü düzü ərazisində davam etdirilib və çəyirtkələrlə bağlı avtomatlaşdırılmış sistem (ASDC) üzrə toplanmış məlumatların planşetlərə köçürülməsi, məlumat bazasına ötürülməsi izah olunub. Həmçinin ultra kiçikhəcmli (UKH) çiləyici texnikaların kalibirlənməsi nümayiş etdirilib.
Qeyd edək ki, ölkəmizdə sürü əmələ gətirən Mərakeş, İtaliya və Asiya çəyirtkələri mövcuddur. Məskunlaşma yerləri adətən dağətəyi ərazilər, yamaclar, seyrəkləşmiş otluq sahələri, xam torpaqlar və digər yerlərdir. Bu növlər xüsusi təhlükəli zərərli orqanizmlərə aid olub geniş polifaq zərərvericilər hesab edilir. Ölkə ərazisində 1 nəsil verir.
Hər il sürü əmələ gətirən çəyirtkəkimilərin idarə edilməsi, müşahidələrin aparılması və mübarizə işinin təşkili məqsədilə Aqrar Xidmətlər Agentliyində çəyirtkələrə qarşı mübarizə kampaniyası yaradılır və mart-sentyabr aylarında çöl şəraitində mübarizə işləri həyata keçirilir.
Analoji tədbirlərin Eldar düzü, Ceyrançöl və Acınohur çöllərində davam etdirilməsi nəzərdə tutulur.