CƏMİYYƏT
Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 17 santimetr azalıb
Bakı, 1 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara çaylarında 30-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 20 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, iyunun 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 385 kubmetr olmaqla ongünlük normanın 64 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 370 kubmetr təşkil etməklə ongünlük normanın 62 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 124 kubmetr olmaqla ongünlük normanın 63 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 143 kubmetr təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda 2, Bankədə 17, Araz çayının Novruzlu məntəqəsində 4 santimetr azalma qeydə alınıb, lakin Salyan məntəqəsində isə suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 (2017-ci il iyunun 1-də 366 sm), Şirvanda 217 (2017-ci il iyunun 1-də 223 sm), Salyanda 71 (2017-ci il iyunun 1-də 160 sm), Bankədə 169 (2017-ci il iyunun 1-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 64 santimetr (2017-ci il iyunun 1-də 66 sm) təşkil edir.