CƏMİYYƏT
Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 6 santimetr artıb
Bakı, 25 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 90 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, avqustun 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 75 kubmetr olmaqla ongünlük normanın 61 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 77 kubmetr olmaqla ongünlük normanın 63 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 11 kubmetr olmaqla ongünlük normanın 16 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 26 kubmetr təşkil edərək ongünlük normanın 38 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Bankə və Araz çayının Novruzlu məntəqələrində 2, Surrada 3 santimetr azalma, Şirvanda 6, Salyan məntəqəsində isə suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 353 (2016-cı il avqustun 25-də 361 sm), Salyanda 146 (2016-cı il avqustun 25-də 144 sm), Bankədə 191 (2016-cı il avqustun 25-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 santimetr (2016-cı il avqustun 25-də 75 sm) təşkil edir.