ELM VƏ TƏHSİL
Kür hövzəsi bitki və torpaq örtüyünün qorunması ilə bağlı birgə elmi-tədqiqat işləri aparılacaq
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Gürcüstanın paytaxtı Tbilisidə NASA-nın elm bölməsinin “Qafqaz regionunda landşaft dinamikası və bitki örtüyü” üzrə ekspert qrupunun təşkil etdiyi “Qafqazda landşaftların uzun müddətli deqradasiyası” layihəsi üzrə tanışlıq görüşü çərçivəsində keçirilən iclasa həmsədrlik edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanla yanaşı, Rusiya, İran, Gürcüstan, Türkiyə və Ermənistan nümayəndələri də iştirak ediblər. Qafqazda bitki və torpaq örtüyünün və biomüxtəlifliyin mühafizəsi, meşə sahələrinin bərpası əsas müzakirə mövzusu olub.
Azərbaycanlı alim tədbirdə “Azərbaycan landşaftlarının dinamikası və səhralaşma intensivliyi” mövzusunda məruzə ilə çıxış edib. Görüşdə R.Məmmədovun təklifi ilə ilkin variantda “Kür hövzəsi bitki və torpaq örtüyünün, biomüxtəlifliyin qorunması və bərpası” mövzusunda birgə elmi-tədqiqat işlərinin aparılması qərara alınıb.