REGİONLAR
Kürdəmir sakinindən külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb
Kürdəmir, 9 oktyabr, AZƏRTAC
Daxil olan məlumat əsasında Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Şilyan kənd sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Əhməd Mahmudov saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ə.Mahmudov 8 kibrit qutusunda çəkisi 34 qram olan qurudulmuş marixuananı 1000 manata satarkən polis əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. Şəxsi axtarış zamanı ondan əlavə olaraq 2 kibrit qutusunda 8 qram qurudulmuş marixuana da aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Ə.Mahmudovun yaşadığı evin həyətyanı sahəsindən də çəkisi 2,4 kiloqram qurudulmuş marixuana götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.
Faktla bağlı araşdırma aparılır.