REGİONLAR
Kürdəmirdə 50 min hektar sahədə payızlıq taxıl səpini gözlənilir
Kürdəmir, 11 oktyabr, AZƏRTAC
Kürdəmir taxılçıları payızlıq əkin kampaniyasına başlayıblar və son günlər havaların əlverişsiz keçməyinə baxmayaraq, qısa vaxtda 1300 hektar sahədə səpin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Qorxmaz Şükürov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, payızlıq taxıl əkininə hər gün 25-dən çox taxılsəpən texnika çıxarılır və yaxın günlərə onların sayı artırılacaq. Hazırda hər yerdə ilkin olaraq arpa səpilir və əsasən yerli şərait üçün daha əlverişli olan “Qarabağ-33”, “Qarabağ-22” sortlarından istifadə olunur. Taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər tərəfindən kifayət qədər istər arpa, istərsə də buğda toxumları tədarük olunub.
Qeyd edək ki, builki payızda Kürdəmirdə 50 min hektar sahədə taxıl əkiləcəyi proqnozlaşdırılır. Hazırda bütün ərazilərdə, xüsusilə daha çox taxıl əkilən Qarasu, Qocalı, Qarasaqqal, Karrar, Cəli və bir sıra digər ərazi dairələrində səpin sürətlə və mütəşəkkil aparılır.