REGİONLAR
Kürdəmirdə Vətən müharibəsi şəhidinin xatirəsinə tikilən bulağın açılışı olub
Kürdəmir, 18 yanvar, AZƏRTAC
Kürdəmirdə Vətən müharibəsi şəhidi Adəm Əliyevin xatirəsinə tikilən bulağın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin xatirəsinə tikilən bulaq Kürdəmirin Ü.Hacıbəyli küçəsindədir. Açılış mərasimində rayon rəhbərliyi, şəhidin ailə üzvləri, yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda şəhidin qısa, lakin şərəfli ömür yolundan danışılıb. Bildirilib ki, Adəm İlqar oğlu Əliyev 2000-ci il noyabrın 19-da Ağdamın Üçoğlan kəndində dünyaya göz açıb. İki yaşında ikən Kürdəmirə köçüblər. Burada Tofiq İsmayılov adına şəhər 1 saylı tam orta məktəbi bitirib. Sonra müddətli hərbi xidmətə yollanıb. Xidməti müddətini başa vurduqdan sonra Vətən sevgisi onu yenidən hərbi xidmətə qaytarıb. Belə ki, müraciətindən sonra təlim kursunu uğurla yekunlaşdıraraq Silahlı Qüvvələrimizin sıralarına qayıdıb. Sentyabrın 27-də Vətən müharibəsinin ilk günündən döyüşə qatılıb. İki gün sonra isə Kəlbəcər istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.
Çıxışlarda Adəm və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qısa vaxtda, cəmi 44 gündə düşməni diz çökdürdüyü, tarixi qələbə qazandığı söylənilib. Şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Xatirə bulağının açılışında şəhid Adəm Əliyevin anası Akifə xanım çıxış edərək oğluna göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Tədbirdə məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər.