QAN YADDAŞI
Kürdəmirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
Bakı, 26 fevral, AZƏRTAC
Kürdəmir Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl rayonda müvəqqəti məskunlaşan Xocalı sakinləri ilə rayon icra hakimiyyətinin başçısının görüşü olub. Çay süfrəsi arxasında keçirilən görüşdə icra hakimiyyətinin başçısı onların qayğı və problemləri ilə maraqlanıb.
Tədbirdə ötən iki əsrdə erməni millətçiləri tərəfindən xalqımızın dəfələrlə soyqırımına məruz qaldığı diqqətə çatdırılıb. Vurğulanıb ki, 27 il əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri mühasirəyə aldıqları Xocalı şəhərində 613 nəfər, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı öldürüb, 487 dinc sakini ağır yaralayıb, 1275 nəfəri girov götürüblər.
Çıxışlarda diqqətə çatdırılıb ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra bu faciəyə hüquqi-siyasi qiymət verilib. Bu gün Xocalı faciəsinin dünyada tanıdılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilib və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilib. Xocalı faciəsi Pakistan, Sudan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, İordaniya və sair kimi dövlətlər və ABŞ-ın 21 ştatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınıb.
Dünyanın hər yerində Xocalı soyqırımının tanınması ilə əlaqədar işlər davam edir. Bu sahədə, həm də 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası önəmli rol oynayır.
Xocalı sakinləri çıxış edərək həmin gecə erməni quldurlarının törətdiyi faciənin dəhşətlərindən danışıblar.
Sonra iştirakçılar İmişli Rayon Mədəniyyət Mərkəzinin hazırladığı “Xocalı” oratoriyasına tamaşa ediblər.
Sonda tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində təşkil edilən “Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda rəsm, əl işləri və kitablardan ibarət sərgilərlə tanış olublar.