REGİONLAR
Kürdəmirdə cari mövsümdə təkcə barama tədarükü 2 dəfə artıb
Kürdəmir, 13 iyul, AZƏRTAC
Kürdəmirdə iyulun 13-də keçirilən hesabat yığıncağında cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun məruzəsində, eləcə də çıxışlarda iqtisadiyyatın ayrı-ayrı sahələrində görülən işlərdən, qazanılan uğurlardan ətraflı danışılıb.
Qeyd olunub ki, rayonda keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi 6,6 faiz artaraq 174 milyon 43,3 min manat təşkil edib. Ümumi məhsul buraxılışının 66,5 faizi istehsal sahələrinin, o cümlədən 43,4 faizi iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatının payına düşüb. Cari mövsümdə təkcə 45 min 40 hektarda mühüm strateji məhsul olan taxıl yetişdirilib, zəmilərdən 136 min tondan çox arpa və buğda istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 30 sentnerdən çox olub.
Baramaçılığın, pambıqçılığın inkişafı da xüsusi diqqət mərkəzindədir. Bu mövsümdə 199 kümçü tərəfindən 20 min 380 kiloqram barama tədarük edilib. Bu, əvvəlki ildəki göstəricidən 2 dəfə çoxdur. Cari mövsümdə 5 min 30 hektar sahədə pambıq yetişdirilir ki, bu da ötən ildəkindən 1000 hektar artıqdır. Hazırda pambıq plantasiyalarda üçüncü kompleks becərmə işləri aparılır.
Məruzə və çıxışlarda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda da dinamik inkişafa nail olunduğu vurğulanıb və göstərilib ki, heyvandarlıq məhsulları üzrə bütün göstəricilər ötən illə müqayisədə xeyli artıb.
Rayonda 5 aqroparkın, 8 istixana təsərrüfatının yaradıldığı və fəaliyyəti ilə bağlı ətraflı müzakirələr aparılır.
Hesabat yığıncağında təhsil, səhiyyə və mədəniyyət sahələrində görülən işlər, əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə normal təminatı məqsədilə həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr geniş müzakirə olunub.