CƏMİYYƏT
Kürdəmirdə çörək sexində nöqsanlar aşkar olunub
Bakı, 16 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Kürdəmir rayonunun Atakişili kəndində fiziki şəxs Bəkirov Mübariz Tahir oğluna məxsus “Rəhim” çörək sexində keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib.
Müəssisədə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinəyə cəlb olunmadığı, işçi masaların gigiyenik səthlə təmin olunmadığı, döşəmənin asan təmizlənən dezinfeksiyaedici məhlullara davamlı materialla üzlənmədiyi, istifadə olunan avadanlıqların, rəflərin təmizliyinə nəzarətin zəif olduğu və çirk qatı ilə örtüldüyü aşkar edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.