CƏMİYYƏT
Kürdəmirdə dini maarifləndirmə işinin təşkilinə dair seminar-treninq işə başlayıb
Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusundakı ikigünlük seminar-treninq öz işinə başlayıb. Bu barədə AZƏRTAC-a DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə DQİDK-nın və rayon icra hakimiyyətinin rəhbər şəxsləri, eləcə də məktəblərin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov bildirib ki, dini etiqad azadlığına və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına dövlət tərəfindən böyük qayğı göstərilir. Onun sözlərinə görə, ölkəmizdə dini ibadətgahların tikintisi və əsaslı təmiri ölkə rəhbərliyinin Azərbaycan dindarlarına diqqət və qayğısının bariz nümunəsidir.
Sonra çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov diqqətə çatdırıb ki, tolerantlıq xalqımızın qədim ənənəsidir. Natiq vurğulayıb ki, respublikamızda müxtəlif millətlərin nümayəndələri tarixən dinc şəraitdə yaşayıblar və Azərbaycan xalqı ölkə ərazisində yaşayan xalqlara hər zaman tolerant münasibət göstərib. Üç səmavi dinin nümayəndələri öz dini inanclarını burada sərbəst şəkildə yerinə yetirirlər.
Sədr müavini, həmçinin ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın dövlətimiz üçün bundan sonra da prioritet məsələ olacağını vurğulayıb. O, cəmiyyətimizin, xüsusilə gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Müzakirələrlə davam edən seminar-treninq dekabrın 11-də öz işini davam etdirəcək.